Rəsmi məlumatlara əsasən, 2025-ci il ərzində vergi orqanlarına ümumilikdə 435 min 838 vətəndaş müraciəti daxil olub. Bu göstərici əvvəlki illə müqayisədə 7,8 faiz azalma deməkdir. Daxil olan müraciətlərin 94,7 faizi ərizə, 5,2 faizi şikayət, 0,1 faizi isə təkliflərdən ibarət olub.
Hesabat dövründə müraciətlərin 97,9 faizi üzrə baxılma prosesi tamamlanıb, 2,1 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılan müraciətlərin 55,3 faizi müsbət həllini tapıb, 42,5 faizi ilə bağlı vətəndaşlara ətraflı izahat verilib, qalan müraciətlər üzrə isə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Faktiki daxil olan şikayətlərdən 7 min 647-si tam həll edilib. Bu şikayətlər əsasən kameral vergi yoxlamaları, vergi ödəyicilərinin qeydiyyatı, sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, şəxsi hesab vərəqələri, vergi borcları, vergi orqanı əməkdaşlarının fəaliyyəti və ya hərəkətsizliyi, operativ vergi nəzarəti tədbirləri, riskli vergi ödəyicisi hesab olunmama və digər məsələlərlə bağlı olub.
Bununla yanaşı, 2025-ci il ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən 707 vətəndaşın qəbulu həyata keçirilib. Qəbul edilənlər arasında 47 nəfər şəhid ailəsi üzvü və müharibə iştirakçısı olub. Görüşlər zamanı hər bir müraciətə fərdi yanaşma sərgilənib, vətəndaşların qanuni tələblərinin təmin olunması üçün zəruri addımlar atılıb.
Vergi orqanları bildirir ki, vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin edilməsi və müraciətlərin operativ həlli əsas prioritetlər sırasında qalmaqda davam edir.


