Azerbaycan Müdafiə Nazirliyi İrandan Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə hücum edildiyini açıqlayıb.
Nazirliyin yaydığı məlumata görə, hücum məqsədilə İrandan göndərilən 4 pilotsuz uçuş aparatından biri Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib. Digər aparatların isə mülki infrastrukturu və dərs saatlarında fəaliyyət göstərən məktəb binasını hədəfə aldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, məktəb binasına yönələn pilotsuz aparat təsadüf nəticəsində hədəfə çatmayıb və yaxınlıqda yerə çırpılaraq partlayıb.
Müdafiə Nazirliyi həmçinin İran Baş Qərargahının hücumu inkar etdiyini xatırladaraq bildirib ki, texniki vasitələr vasitəsilə hücumların məhz İran ərazisindən həyata keçirildiyi müəyyən olunub. Nazirlik İranın bu məsələdə məsuliyyəti üzərinə götürməsini, rəsmi üzr istəməsini və hadisəyə görə məsul şəxslərin cəzalandırılmasını gözlədiyini vurğulayıb.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi də Naxçıvan Muxtar Respublikasına İran ərazisindən pilotsuz uçuş aparatları ilə hücumların həyata keçirildiyini açıqlamışdı.
Məlumata görə, pilotsuz aparatlardan biri Naxçıvan Beynəlxalq Hava Limanı ərazisinə, digəri isə Şəkərabad kəndində yerləşən məktəb binasının yaxınlığına düşüb. Hücum nəticəsində hava limanı binasına ziyan dəyib, 4 mülki şəxs isə yaralanıb.


