Murat çox yorğun idi. Evə gedib uzanmaq, yatıb dincəlmək istəyirdi, amma nədənsə ürəyi evə getmirdi. Xəstəxanadakı otağında divanın üstünə uzandı. Uşaqlığından tutmuş həkim olana qədər yaşadıqlarını düşünməyə başladı.
Həyatı həmişə mübarizə ilə keçmişdi, nə qədər çətin olmuşdu… Gənc yaşında istədiyi bir çox şeyə sahib olmuşdu, amma bircə şey çatışmırdı – xoşbəxtlik. İçində daim bir boşluq hiss edirdi, səbəbini isə özü də bilmirdi. Evlənəndə həyat yoldaşı ilə xoşbəxt olmaq istəmişdi, amma nəsə əskik idi. Ürəyi kəşf olunmamış ada kimiydi. Görəsən, o adada duyğularını, sevgisini kəşf edəcək biri olacaqmı?
Bunları düşünə-düşünə yuxuya getdi. Təxminən bir saat keçmişdi ki, qapının sürətlə açılması səsi ilə oyandı. Otağa girən Sevgi, divanda uzanan Muratı görəndə dedi:
— Çox üzr istəyirəm, sizi oyatdım? Otağı boş bilmişdim.
Murat yerindən qalxaraq:
— Heç problem deyil. Növbədən sonra bir az dincəlim dedim, yuxuya getmişəm. Yaxşı oldu oyatdınız. Sizi əvvəl görməmişdim.
Sevgi yaşıl paltarının üstündən ağ xalatını geyinə-geyinə dedi:
— Adım Sevgi, bu mənim ilk növbəmdir.
— Mən də Murat. Aramıza xoş gəldiniz. Saat on ikidir, mənim çıxmağım lazımdır. Sizə yaxşı növbələr.
Murat evə çatanda yataq otağına keçdi, çarpayısına uzandı. Yenə düşüncələr onu tək buraxmırdı. Qapıda onu gülər üzlə qarşılayacaq, boynuna sarılıb sevgi və diqqət göstərəcək bir həyat yoldaşını nə qədər çox istəmişdi…
Amma olmurdu. Zorla heç nə alınmırdı. Ya hər şeyi qəbul edəcəkdi, ya da bitirəcəkdi. Bəzən öz-özünə soruşurdu: “Görəsən, bitirmək üçün o sevgini tapmaq lazımdırmı?” Onun kimi sevə bilən, ürəyi doğrudan da sevgi dolu biri varmıydı?
Sevgi əlində balaca bir gül qabı ilə xəstəxanaya girəndə Muratla rastlaşdı.
— Salam, Murat bəy, necəsiniz?
— Sağ olun, yaxşıyam. Siz də yaxşı görünürsünüz. Əlinizdəki nədir?
— Dünən öz əlimlə çəhrayı qərənfil əkmişəm. Onun çiçək açdığını görmək istəyirəm. Evdə quruyar deyə bura gətirdim.
Aylar keçdi. Sevgi ilə Murat çox yaxın dost oldular. Gün ərzində xəstələrlə yaşadıqlarını danışır, özləri haqqında söhbətlər edirdilər.
Sevgi çox duyğusal, nəzakətli və ürəyi sevgi ilə dolu bir insan idi. Bəzən xəstələr üçün ağladığı da olurdu. Murat onunla söhbət etməyi, gülməyi, hətta birlikdə ağlamağı belə sevməyə başlamışdı.
Eyni şeyləri sevir, eyni şeylərdən təsirlənirdilər. Murat üçün bu, özünə bənzər düşünən, hiss edən, sevən birinin var olduğunu bilmək ayrıca xoşbəxtlik idi.
Artıq ən kiçik anı belə birlikdə keçirirdilər. Aşiq olmuşdular. Ürəkləri bir-biri üçün döyünür, xoşbəxtliyi doyunca bölüşürdülər. Həm Murat, həm də Sevgi əvvəllər heç yaşamadıqları hissləri yaşayırdılar.
Bu sevgi, bu xoşbəxtlik Muratı tamam başqa bir insana çevirmişdi. Sanki həyata yenidən qayıtmışdı. Sevginin gül qabında açan çəhrayı qərənfil kimi, onun da duyğuları çiçək açmışdı. Bu dəyişimi həyat yoldaşı da hiss etmişdi. Vaxtaşırı “Səndəki bu dəyişiklik nədəndir?” deyə soruşsa da, Murat mövzunu keçişdirirdi. Amma bir müddət sonra həyat yoldaşı Muratla Sevgi arasındakı münasibəti öyrəndi. Tez-tez dava etməyə başladılar.
Murat da, Sevgi də bir-birini ölümünə sevirdi. Bəlkə də Muratın bədbəxt olması və tez-tez evliliyini bitirəcəyini deməsi onları daha da bir-birinə bağlamışdı. Murat ayrılmaq istəmişdi, amma həyat yoldaşı razı olmurdu.
Çarəsiz və qarışıq hisslər içində qərar verdilər: birlikdə gedəcəkdilər. Haraya olur-olsun. Dənizi okean mavisi olan uzaq bir şəhərə getdilər. Nə edəcəklərini özləri də bilmirdilər. Bildikləri tək bir şey vardı — heç vaxt ayrılmaq istəmirdilər. Bir-birləri üçün hər şeydən vaz keçəcək qədər sevirdilər.
Nə olursa-olsun, heç nəyin onları ayırmasına icazə verməyəcəkdilər. Yorğun, amma bir-biri üçün döyünən ürəkləri onları dəniz kənarına apardı. Maşınlarını kənar bir yerə çəkib günəşin nazlana-nazlana batmasını qucaqlaşaraq izləyərkən “Məni Unutma” mahnısını dinlədilər.
İkisi də ağlayırdı. Göz yaşları bir-birinə qarışdı. Onları seyr edən qağayılar belə yorulmuşdu…
Murat Sevgi’ni daha möhkəm qucaqladı:
— Səni çox sevirəm.
Sevgi ağlamaqdan güclə danışa bildi:
— Mən də səni çox sevirəm.
Sevginin ən gözəlini tapmışdılar, amma bu xoşbəxtliyi yaşaya bilməmişdilər. O anın duyğusallığı ilə həyatlarına son verməyi düşündülər. Çox yanlış idi, amma etdilər. Bir-birlərini tək buraxmadılar. Gecə saat on ikini vuranda, dənizin qaranlığında əl-ələ yox oldular.
Cansız bədənləri sahilə vuranda, dinlədikləri mahnı maşında son dəfə çalırdı:
MƏNİ UNUTMA…
Həyat, yaşamaq, sevmək və sevilmək nə qədər gözəl və dəyərli hisslərdir. Bunun qədrini bilmək lazımdır. Kaş ki, onlar bu yolu seçməyəydilər.
Aşkın ən gözəlini, sevginin ən mənalısını yaşadılar. Amma o anın hissləri ilə yanlış yolu seçdilər. İndi əbədi evlərində yan-yana yatırlar.
Və buradan sevənlərə, sevilənlərə deyirəm ki: həyat bütün çətinliklərə baxmayaraq yaşamağa dəyər. Xoşbəxt olmaq varkən, həyatınızı daha gözəl etmək öz əlinizdədir — yetər ki, istəyəsiniz. Yaşayaraq, yaşadaraq, sevginizə sahib çıxmağınız diləyi ilə…




ŞƏRHLƏR