Ana Səhifə Axtarış Qalereya Video Müəlliflər
Kateqoriyalar
Xidmətlər
WhatsApp
Sosial Media
Tətbiqimizi Yükləyin
Mehtap Gencer
Mehtap Gencer

Unutmadım Səni Mən

Naci güzgünün qarşısında dayanıb saçlarını böyük bir diqqətlə darayırdı. Ən gözəl, ən şıq paltarlarını geyinəcək, sevdiyi, aşiq olduğu Seval ilə görüşəcəkdi. Gidərkən ona çox sevdiyi bənövşələrdən alacaqdı. Bənövşə gözlü yarı bu çiçəklərlə çox sevinir, hər dəfə isti öpüşləri ilə təşəkkür edirdi.

Sevdiyini xoşbəxt etmək Naci üçün ayrı bir zövq, fərqli bir səadət idi. Xoşbəxtliyə susamış, hüzura, coşqun sevgiyə ehtiyacı olan bir kişi idi o.

Atası vəfat edəndən sonra, çox kiçik yaşlarında işləməyə başlamış, iki bacısına, bir qardaşına və anasına baxmaq üçün məktəbi yarımçıq qoymuş, özünü ailəsinə adamışdı. Qardaş-bacıları evə kömək etmək üçün işləsələr də, qazandıqlarını özləri üçün yığmalarını, ehtiyaclarına xərcləmələrini deyir, onların qazancına əl uzatmırdı.

Naci bir atanın edə biləcəyindən də artığını etmiş, ailəsini heç kimə möhtac qoymamışdı. Buna görə də əsgərliyini ertələmiş, onları heç kimə əmanət edə bilməmişdi.

Amansız həyatın sərt küləkləri içində dik dayanmağa çalışmış, çox vaxt ağrılar, sıxıntılar yaşasa da, ailəsinə hiss etdirməmiş, illərlə içinə atmışdı. Can yandıran hisslərdə həyatın dağıdıcı tərəflərini özlüyündə xoş anlara çevirməyə çalışmış, heç olmasa buna cəhd etmişdi. Çox vaxt yuxusundan ağlayaraq oyanmış, göz yaşlarıyla islanan gecələrə üsyan etməmişdi. Rəbbinə həmişə şükür etmiş, hər şeyi Ondan istəmiş, davamlı dua etmişdi.

Ən böyük arzusu sevdiyi ilə birlikdə xəyal etdiklərini gerçəkləşdirmək idi. Xoşbəxtliyini ailəsi üçün ertələyirdi. Ürəyi isə digər tərəfdən yanırdı. Sevdiyinə qovuşmaq o qədər uzaq görünürdü ki… Amma Seval ona söz vermişdi — ömrünün sonuna qədər gözləyəcəkdi. Çünki o da Nacini çox sevirdi.

Eyni məhəllədə böyümüş, uşaqlıqları birlikdə keçmiş, eyni məktəbə, eyni sinfə getmişdilər. Naci çox istəsə də, məktəbinə davam edə bilməmişdi. Nə iş tapsa işləyir, boş vaxtlarında kitab, qəzet, nə tapsa oxuyur, özünü inkişaf etdirirdi. Yuxusu qaçanda qaranlıq gecələrə şeirlər yazdığı, həyatını gizlicə qeyd etdiyi gündəliyi də olmuşdu.

Həyata atıldıqdan sonra yaşadıqlarını, çox sevdiyi Sevalı, onunla keçirdiyi xoşbəxt anları, xəyallarını və ümidlərini neçə-neçə soyuq gecələrdə yazmış, o yazıların istiliyi ilə isinmişdi. İçində ağrı olsa da, ertələnmiş xoşbəxtliyi üçün səbir edib dua ilə gözləmişdi.

Məhəllədə hamı onların sevgisini bilirdi. Nacini sevər, hörmət edər, onun əfəndiliyindən, yardımsevərliyindən danışardılar. Sevalın gözəlliyi dillərə dastan idi. Ağırbaşlı, zərif, duyğulu, imanlı bir qız idi. Lisəni bitirdikdən sonra oxumamışdı. Boş vaxtlarında bir-birindən gözəl əl işləri hazırlayar, sandığına yığar, xoşbəxt günlərində istifadə edəcəyi zamanı xəyal edərdi.

Seval Nacini elə sevirdi ki, başqa bir kişi ilə evlənə bilməyəcəyini deyirdi. Sevdiyinə qovuşmaq üçün zamana ehtiyac vardı. Səbir etməli, fədakarlıq göstərməliydi. Axı sevməyin adı səbir və fədakarlıq deyildimi?

Soyuq, yosun tutmuş gecələrdə gözlərinin görmədiyi gələcəyin işığında yuyunmaq istəyirdi. Xəyal dünyasında bir qağayının ağısına qoşulub, çılpaq ürəyinin hökm sürdüyü mavi dünyasında, sadə və səssiz xoşbəxt olmaq idi tək diləyi.

Bir-birini belə sevən ürəklər günlərin birində — günəşin dənizin qucağından doğduğu, kəpənəklərin sevda rəqsi etdiyi, rəngbərəng çiçəklərin ətrini təbiətə yaydığı bir gündə görüşdülər. Hər ikisi də ilk dəfə görüşürmüş kimi həyəcanlı idi; illərdir bu həyəcanı itirməmişdilər.

Naci əlindəki bənövşələri bənövşə gözlü sevgilisinə verəndə, Sevalın sevincdən parlayan gözlərinə baxar, dünyanı unudar, yanağına qonulan təşəkkür öpüşünün istiliyində ərirdi.

Sahildə, hər zaman getdikləri çay bağçasında çaylarını içə-içə dənizin sonsuzluğuna dalar, mavinin dərinliyində görüşərdilər. Xəyal etdikləri ev, uşaqlar gözlərinin önündə canlanardı.

Naci Sevalın əllərini tutub deyərdi:
— Bir az da səbir et, gülüm. Edəcəklərim hələ bitməyib. Amma inan, az qalıb. Bu qədər gözlədiyimizə dəyəcək. Sənə rahat bir həyat yaşatmaq istəyirəm. Elə bir toy edəcəyəm ki, dillərə dastan olacaq. Gəlinlik sənə necə də yaraşacaq, canım. Mələk kimi olacaqsan. Çox xoşbəxt olacağıq, inan. Səni çox, lap çox sevirəm.

Seval da başını Nacinin çiyninə qoyub deyərdi:
— Mən də səni çox sevirəm, canım. Xəyal etdiyimiz xoşbəxtliyi yaşamağı Rəbbim bizə nəsib etsin, başqa heç nə istəmirəm.

Aylar keçmişdi. Artıq Sevalı istəməyə gedəcək, əvvəl nişan, sonra toy edəcəkdilər. Qardaşları, anası çox sevinmişdi; hamı bu xəbəri gözləyirdi. Hər kəs həyəcanlı bir xoşbəxtlik yaşayırdı.

Seval isə daha da xoşbəxt idi. İllər sonra da olsa sevdiyi ilə evlənəcəkdi. Evdə hazırlıqlar başlamışdı. Nişan paltarının ağ olmasını istəmişdi — hər şey ağ olmalıydı. Qaranlıq, ağrılı günləri unudub hər şeyi göyərçin ağlığında yaşamaq istəyirdi.

Hər iki ailə hazırlıq içindəykən bir gecə polis gəlib Nacini aparmışdı. Əsgər qaçağı olduğu üçün onu xidmət yerinə təhvil vermişdilər. Həm də elə uzaq bir şəhərə göndərilmişdi ki…

Sevdalılar bu ayrılığa inana bilmirdilər. Qismət yenə icazə verməmişdi. Nə vidalaşa, nə də bir-birini görə bilmişdilər.

İllərlə çəkdikləri acı və həsrətə bir ayrılıq da əlavə olunmuşdu. Seval Nacinin əsgər aparıldığını eşidəndə sinir böhranı keçirmiş, günlərlə ağlamış, xəstələnmişdi. “Heç olmasa nişanımız olaydı, üzüyünü taxa biləydim, onun xoşbəxt olduğunu görəydim…” deyə hönkür-hönkür ağlamışdı.

Ediləcək bir şey yox idi. Zamanı səbrə qatıb gözləmək lazım idi. Günəş neçə dəfə doğacaq, neçə dəfə batacaqdı. Son baxışlar neçə dəfə xatırlanacaqdı…

Məktublar aylarla fasiləsiz yazılmış, şəkillər göndərilmiş, öpülmüş şəkillərdə dodaq izləri hədiyyə edilmişdi. Naci gündəliyini istəmiş, orada da Sevalını yazmağa davam etmişdi.

Əsgərliyin bitməsinə az qalmışdı. Amma Naci sevinə bilmirdi. Çünki bir aydır Sevaldan məktub gəlmirdi. Heç kimdən düzgün cavab ala bilmirdi. Ağlına min cür fikir gəlirdi.

Nəhayət, əsgərlik bitdi. Səhər təxrisini alıb yola düşdü. Heç kimə xəbər vermədi, sürpriz edəcəkdi. Sevalın onu necə qarşılayacağını düşünürdü…

Şəhərə çatanda əvvəl Sevalın evinə getdi. Qapının zəngini uzun-uzadı basdı, açan olmadı. Sonra öz evlərinə getdi. Qapını anası açdı, ağlaya-ağlaya boynuna sarıldı.

Salona girəndə Sevalın valideynlərini gördü. Sevdiyini axtarsa da tapa bilmədi. Sevalın atası onu maşına mindirib şəhərdən kənara apardı. Bir qəbiristanlıqda dayandılar. Bənövşələr əkilmiş bir məzarın yanında yaşlı kişi diz çöküb ağladı:
— Bax, Seval, sənə kimi gətirdim…

Hər şey o an aydın oldu. Sevdiyi, bənövşə gözlü yarı artıq torpağın altındaydı.

İllər keçdi. Anasını da itirəndən sonra Naci tək qaldı. Heç vaxt evlənmədi. Sevdiyini unutmadı. Ömrünün sonunda gündəliyinə yalnız bir şey yazdı — Seval üçün dinlədiyi “Unutmadım səni mən” mahnısının sözlərini.

Evinə ölü tapıldığında, əlində sevdiyinin dodaq izləri olan şəkil vardı.

Bu hekayənin qəhrəmanları gerçək sevdalılardır. Bir-birlərini çox sevsələr də qovuşa bilmədilər. Naci ağabəyin dediyi kimi: “Həyatı ertələməyin… Xoşbəxtlik hər zaman insanın qarşısına çıxmır.”

Ömrünüz boyu “kaş ki”lər yığmamağınız diləyi ilə…

ŞƏRHLƏR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =

MÜƏLLİFLƏR
HAMISI

SON XƏBƏRLƏR