Ana Səhifə Axtarış Qalereya Video Müəlliflər
Kateqoriyalar
Xidmətlər
WhatsApp
Sosial Media
Tətbiqimizi Yükləyin
Mehtap Gencer
Mehtap Gencer

Sevmək çox çətinmiş

Sevginin varlığına, eşqə, məhəbbətə heç vaxt inanmamışdım… Mənə həmişə saxta, süni bir şey kimi görünürdü. Ətrafımda eşq acısı çəkən insanlara baxıb gülərdim, “bunların başqa işi-gücü yoxdurmu?” deyə düşünərdim. İnsan niyə sevgi, eşq uğruna yanar, niyə ağlayar, niyə bu qədər üzülər? Başqası üçün niyə göz yaşı tökülər, niyə ürək ağrısı çəkilər, niyə həyat onun ətrafında dönər ki? Sanki həyatın mərkəzi yalnız o insan imiş kimi… Bu necə bir hissdir axı? Görünməyən, amma var olan ürəklər eşq üçün necə yanar?

İllər boyu ətrafımda gördüyüm, eşitdiyim eşqlərə inanmadım. Bir gün mən də evlənəcəkdim, amma yalnız ağlıma uyğun biri ilə… Məni təsirləndirən, dürüst, düzgün, yaxşı bir insan mütləq qarşıma çıxacaqdı. O günü gözləyirdim, evlənməyə tələsmirdim. Cəmi iyirmi yaşım vardı, həyatın lap başlanğıcında idim. İşlədiyim şirkətdə xoşbəxt və sakit idim. Ayın sonunda aldığım maaşla valideynlərimlə yaşadığım evin ehtiyaclarını qarşılamaq, qalan pulla özümə paltar almaq məni sevindirirdi. Bəzən bir-iki dostumla görüşüb söhbət etmək mənə kifayət edirdi. Həftəsonları isə təmizlik və kitab oxumaqdan başqa bir şey etməyə vaxtım da olmurdu. Həyatım sakit, eyni axarla davam edirdi və mən bu yavaş ritmə alışmışdım.

Gecələr başımı yastığa qoyanda əlbəttə ki, xəyallar qururdum: gözəl, xoşbəxt bir yuva, uşaqlar, uyğun bir həyat yoldaşı… Harada, nə vaxt, necə olacağını bilmirdim. Evimi necə döşəyəcəyimi, nələr alacağımı, ailəmlə birlikdə həyatı necə yaşayacağımı düşünürdüm. Amma bu xəyalların içində eşq yox idi. Çünki eşq mənim dünyamda mövcud deyildi. Hər şey ağıl çərçivəsində olmalı idi.

Heç vaxt sevgilim olmamışdı. Gözəl və baxımlı idim. Mənə təklif edən çox kişi olmuşdu, amma heç birini qəbul etməmişdim. Bəlkə də özümə görə sərt qaydalarım vardı. Fərqli xarakterim olduğunu bilirdim, amma mən belə idim. Məni təsirləndirən, ağlıma uyğun biri hələ çıxmamışdı. Bunu eşqi tanımadığım üçünmü, yoxsa inanmadığım üçünmü belə düşündüyümü bilmirdim.

Bir gün işdən çox yorğun qayıdarkən anamın təzyiq dərmanlarını almaq üçün aptekə getmişdim. O qədər yorğun idim ki, bir an əvvəl evə çatmaq istəyirdim. Aptek çox izdihamlı idi, xeyli gözlədim. Növbə mənə çatanda gənc bir kişi tələsik içəri girib hamının önünə keçərək “bu dərmanları dərhal verməlisiniz, çox təcildir” deyəndə əsəbiləşdim. Ona “xahiş edirəm növbənizi gözləyin, sizin nə üstünlüyünüz var?” dedim. O isə gözlərimin içinə çarəsiz-çarəsiz baxıb “haqlısınız, amma bu dərmanı dərhal almalıyəm, xahiş edirəm anlayış göstərin” deyəndə əsəbim birdən keçdi. Hətta digərlərinə “bəyin vəziyyəti həqiqətən təcildir” dedim və öz növbəmi ona verdim. Dərmanlarını alıb tələsik çıxdı. Mən də sonra dərmanları alıb evə getdim. Yol boyu onu düşündüm. Baxışlarındakı ümidsizlik məni çox təsirləndirmişdi.

Təxminən on beş dəqiqə sonra aptekdən zəng etdilər. Dərmanların qarışdığını, mənimkini başqasının aldığını dedilər. Heç düşünmədən geri qayıtdım. Aptekə girəndə təəccübləndim: növbəmi verdiyim o gənc orada idi. Solğun və bitkin görünürdü. Üzr istəyərək dərmanların səhv alındığını dedi. O qədər səmimi danışırdı ki, nə deyəcəyimi bilmədim. Dərmanları verdim, o da təşəkkür edib çıxdı.

Bir ay sonra bir çay bağçasında onu yenidən gördüm. Yalnız idi, qara üzlü dəftərə nəsə yazırdı. Dəniz kənarında gözəl, sakit bir yer idi. Mavinin sonsuzluğuna dalıb gedirdi. Ətrafı ilə maraqlanmırdı, yoxsa məni görərdi.

Gün batarkən təsadüfən göz-gözə gəldik. Təəccüb içində salam verdi. Onunla danışanda ürəyim səbəbsiz yerə sürətlə döyündü. Adının Metin olduğunu, mənim isə Reyhan olduğumu öyrəndi. Daha çox qalmaq istəsəm də gec idi. Evə getməli idim. O məni evə aparmağı təklif etdi və nədənsə etiraz etmədim. Heç tanımadığım birinin maşınına ilk dəfə minmişdim.

Metin çox mədəni, hörmətli, yaraşıqlı idi. Baxışlarında gizli bir kədər vardı. Telefon nömrəmi zarafatla aldı. Evə çatanda əl verib vidalaşdı. Gedərkən arxasınca baxdım. Dostum “xoşun gəldi?” deyəndə susdum, yalnız gülümsədim. Ürəyimdə qəribə bir çarpıntı vardı.

Sonra mesaj yazdı. Sözləri ruhuma toxundu. Həyəcanım artdı. Öz-özümə soruşurdum: bəlkə eşq dedikləri budur? Tanımadığın birini bu qədər düşünmək, həyəcanlanmaq nədir?

Bir neçə gün sonra işdəykən Metin zəng etdi. Görüşmək istədi. Düşünmədən qəbul etdim. Axşam yenə dəniz kənarındakı çay bağçasına getdik. Ay işığı, dalğaların səsi, qağayıların çığırtısı… Və ürəyimi ilk dəfə titrədən bir kişi qarşımdakı masada.

O gecə həyatını danışdı. Atasını erkən itirmişdi, anasına baxmışdı. Həyat onu tez böyütmüşdü. Beynəlxalq bir nəqliyyat şirkətində işləyirdi, yazılar yazırdı, şeirləri vardı. Onun bu duyğusal tərəfi məni daha da bağladı.

Aylar keçdi. Onunla çox xoşbəxt idim. Eşqə inanmadığım günlər üçün utanırdım. Metini sevirdim. Onsuz bir an belə düşünə bilmirdim. Sevib sevilməyin necə uca bir hiss olduğunu onunla öyrəndim.

Son vaxtlar isə zəngləri seyrəkləşmişdi. Açmadığı vaxtlar olurdu. Səbəbini soruşanda işini bəhanə edirdi. Gözləmək çox ağır idi. Sevdiyinin səsini eşitməmək, onu görməmək, qucaqlaya bilməmək nə qədər çətinmiş…

İki ay sonra Metin zəng etdi. Ağlaya-ağlaya danışdı. Xəstə olduğunu, müalicə aldığını, məni üzməmək üçün demədiyini söylədi. Məni sevdiyini, amma getməli olduğunu dedi. Vidalaşdı və telefonu bağladı.

Bir ay sonra aptekə gedəndə əczacı mənə bir məktub verdi. Metindən idi. Orada xəstəliyini, mübarizəsini, məni nə qədər sevdiyini yazmışdı. Artıq çox vaxtının qalmadığını deyirdi. Məktubu oxuyanda dünya başıma fırlandı.

Qışın ən sərt günlərində hər yer qarla örtülmüşdü. Metinin məzarı da bəyaz idi. Onun sevdiyi Reyhan isə artıq soyuğu hiss etmirdi. Çünki alacakaranlıqda çoxdan sevdiyi ilə qovuşmuşdu. Əlində Metinə olan eşqini yazdığı, donmaq üzrə olan dəftəri ilə…

İlk səhifədə belə yazılmışdı:
“Sevginin varlığına heç vaxt inanmamışdım…”

Son səhifədə isə yalnız bu sözlər vardı: Sevmək çox çətinmiş…

ŞƏRHLƏR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − ten =

MÜƏLLİFLƏR
HAMISI

SON XƏBƏRLƏR