Ana Səhifə Axtarış Qalereya Video Müəlliflər
Kateqoriyalar
Xidmətlər
WhatsApp
Sosial Media
Tətbiqimizi Yükləyin

İrandan Türkiyəyə: ABŞ hücum edərsə, bölgədəki bazalar hədəfə alınacaq

İran ABŞ-ın mümkün hərbi müdaxiləsi fonunda region ölkələrinə açıq xəbərdarlıq edib. Tehran bəyan edib ki, Vaşinqtonun hücumu halında Yaxın Şərqdəki Amerika hərbi bazaları, o cümlədən Türkiyədə yerləşən obyektlər də hədəf ola bilər.

İran ABŞ-ın mümkün hərbi müdaxiləsi fonunda region ölkələrinə açıq xəbərdarlıq

Yaxın Şərqdə gərginlik yeni mərhələyə daxil olur. İran rəsmiləri ABŞ-ın mümkün hərbi əməliyyatına cavab olaraq regiondakı Amerika hərbi infrastrukturlarına zərbələr endirilə biləcəyini bildirib. Məlumatlara görə, bu xəbərdarlıq Türkiyə də daxil olmaqla bir sıra regional ölkələrə çatdırılıb.

İran daxilində davam edən etiraz aksiyaları fonunda Vaşinqtondan sərt mesajlar səslənir. ABŞ Prezidenti Donald Tramp son açıqlamalarında İrana qarşı hərbi variantın gündəmdə ola biləcəyini istisna etməyib. İsrail tərəfinə yaxın mənbələr Trampın müdaxilə qərarına yaxın olduğunu, lakin əməliyyatın miqyası və vaxtının hələ müəyyənləşmədiyini iddia edir.

Beynəlxalq agentliklərə danışan və adının açıqlanmasını istəməyən iranlı rəsmi bildirib ki, Tehran regiondakı ABŞ müttəfiqlərindən Vaşinqtona təsir göstərmələrini istəyib. Onun sözlərinə görə, ABŞ İrana hücum edərsə, Türkiyədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qədər bir sıra ölkələrdə yerləşən Amerika bazaları legitim hədəf hesab ediləcək.

İran dövlət mediası da son günlərdə diplomatik təmasların intensivləşdiyini yazır. Bildirilir ki, İran, Qətər, BƏƏ və Türkiyənin xarici işlər nazirləri arasında danışıqlar aparılıb. Ankara isə açıqlamasında xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Abbas Arakçi ilə son 24 saat ərzində iki dəfə telefonla danışdığını təsdiqləyib. Görüşlərdə regionda gərginliyin azaldılması və diplomatik dialoqun vacibliyi vurğulanıb.

Türkiyədə ABŞ hərbi mövcudluğu diqqət mərkəzində
ABŞ-ın Yaxın Şərqdə Bahreyn və Qətər başda olmaqla bir çox ölkədə hərbi qüvvələri yerləşir. NATO üzvü olan Türkiyədə də Amerika hərbçiləri və döyüş təyyarələri mövcuddur. Xatırladaq ki, İran ötən il ABŞ-ın hücumlarına cavab olaraq Qətərdəki Amerika bazasına raket zərbəsi endirmiş, lakin hava hücumundan müdafiə sistemləri hücumun qarşısını almışdı.

Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Arakçi ilə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında aparılan birbaşa təmasların müvəqqəti dayandırıldığı bildirilir. İsrail mənbələri isə Baş nazir Benyamin Netanyahunun təhlükəsizlik kabinetinin ABŞ-ın İrana mümkün müdaxiləsi ilə bağlı məlumatlandırıldığını qeyd edir.

Regionda diplomatik trafik artdığı bir vaxtda Səudiyyə Ərəbistanından da diqqətçəkən mesaj gəlib. Xarici mənbələrə əsasən, Riyad Tehrana mümkün hərbi əməliyyat zamanı öz hava məkanının və ərazisinin istifadəsinə icazə verməyəcəyinə dair təminat verib. Səudiyyə tərəfi İran əleyhinə hər hansı hərbi prosesin bir hissəsi olmayacağını açıq şəkildə bildirib.